SİYASƏT
Heydər Əliyev Sarayında ulu öndərin xatirəsi yad edilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab və fotostendə baxmışlar.
Tədbiri Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açaraq ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.
Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Qeyd olunmuşdur ki, ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilmişdir.
Tədbirdə digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışmışlar.
Sonra tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.