SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ” KİTABININ 3-4-CÜ CİLDLƏRİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev və Şərq” kitabının 3-4-cü cildlərinin təqdimat mərasimi keçirilmişdir.
Milli Məclisin deputatı Mübariz Qurbanlı mərasimi açaraq demişdir ki, Prezident Heydər Əliyevin 80 illik yubileyinə töhfə olan bu cildlərdə Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edilir. Qardaş Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi dövlətimizin başçısının xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, xarici işlər naziri Vilayət Quliyev, akademik Bəkir Nəbiyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev çıxış edərək, “Heydər Əliyev və Şərq” kitabının növbəti cildlərini ensiklopedik mənbə kimi qiymətləndirmişlər. Tarixə nəzər salan natiqlər bildirmişlər ki, uzun illər xalqlarımız və ölkələrimiz arasında birbaşa əlaqələr mümkün olmasa da, qəlbən bunlar heç vaxt qırılmamışdır. Böyük Mustafa Kamal Atatürk demişdir ki, vaxt gələcək Sovetlər Birliyi də dağılacaq. Türkiyə o zaman dili və dini bir olan qardaşlarını qəbul etməyə hazır olmalıdır. Həqiqətən də, İttifaq dağıldı və Türkiyə öz qucağını Azərbaycana açdı. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Türkiyə birinci olaraq müstəqilliyimizi tanıdı və diplomatik əlaqələr yarandı. Lakin Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsi bilavasitə Prezident Heydər Əliyevin xidmətidir.
Xarici İşlər Nazirliyinin müşavirləri, müəllif-tərtibçiləri Vəhdət Sultanzadə və Qaley Allahverdiyev bildirmişlər ki, cildlər hazırlanarkən xarici ölkələrin arxivlərindən də istifadə olunmuşdur. Onlar iki qardaş ölkənin münasibətlərinin inkişafında böyük rolu olmuş tarixi şəxsiyyətlərin, xüsusən də Prezident Heydər Əliyevin xidmətlərini dolğunluğu ilə xalqa çatdırmağa çalışmışlar.
Mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti Heydər Əliyevi 80 illik yubileyi münasibəti ilə təbrik etmişlər, ona Vətənimiz naminə yeni-yeni uğurlar arzulamışlar.
Nəşrin ideya müəllifi xarici işlər naziri Vilayət Quliyev, məsləhətçi-rəyçi Novruz Məmmədov, redaktoru Mübariz Qurbanlıdır.