SİYASƏT
Hikmət Hacıyev: Ermənistan öz ərazisindən yaşayış məntəqələrimizə raket hücumu həyata keçirməklə Cenevrə Konvensiyasını pozur VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirilir. Ermənistan bununla Cenevrə Konvensiyasını pozur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, ilkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini məhv edib. Dünən Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edərək Cocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib. Bu gün Gorusdan “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi olub. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən açılan bu atəşlə bağlı Azərbaycan Ermənistan ərazisində olan legitim hərbi hədəflərə qarşı tədbirlər görəcək. Ermənistan silahlı qüvvələri istər şəxsi, istər texnika baxımından üzləşdiyi itkiləri bu cür kompensasiya etməyə çalışır. İyirmidən artıq mülki şəxsimiz həlak olub, 50-dən çox mülki şəxsimiz isə yaralanıb.