SİYASƏT
Hikmət Hacıyev: Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Ermənistan Cəbrayılda, işğal olunmuş digər ərazilərdə süni məskunlaşdırma siyasəti aparırdı və Ermənistanın bu addımına reaksiya verilmirdi. Artıq indi təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.
Sülhə məcburetmə əməliyyatının birinci mərhələsinin başa çatdığını qeyd edən Prezidentin köməkçisi bildirib: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə Konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alırlar”.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl şəhərinin və onun kəndlərinin, eyni zamanda, Dağlıq Qarabağda Hadrut yaşayış məntəqəsinin və ətraf kəndlərin işğaldan azad edilməsi Ermənistana böyük psixoloji zərbədir. Prezidentin köməkçisi, həmçinin vurğulayıb: “Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir”.