DÜNYA
Hindistanda ölkənin ən mühüm dini bayramı Kumbha Melada faciə yaşanmışdır
Bakı, 11 fevral (AZƏRTAC). Hindistanda ölkənin ən mühüm dini bayramı Kumbha Melada faciə yaşanmışdır.
AZƏRTAC xəbər verir ki, Kumbha Melanın keçirildiyi məkanda, Hindistanın şimalındakı Allahabad şəhərindəki Stamped dəmir yolu vağzalında dəhşətli basabas olmuşdur. Basabasda 36 nəfər həlak olmuş, 109 nəfər yaralanmışdır. Həlak olanlar və yaralananların əksəriyyəti qadınlar və uşaqlardır. Onlar Kumbha Mela bayramında Qanq çayının sularında çimib pak olmaq üçün Allahabada gəlmişdilər.
İlkin məlumatlara görə, basabas dəmir yollarının üzərindəki körpünün uçaraq stansiyaya düşməsindən sonra yaranmışdır.
Ştat administrasiyasının mənsubu Aşok Şarma demişdir ki, körpüyə həddən artıq adam yığılmışdı və o da davam gətirməyərək uçmuş, stansiyanın üstünə düşmüşdür.
The Hindustan Times bildirmişdir ki, faciənin digər səbəbkarları polislərdir. Onlar kütləni çox sərt şəkildə qovaraq dağıtmağa başladıqlarından sərnişinlər arasında basabas və qorxu daha da artmışdı.
Bütün dünya hindusları üçün ən mühüm bayram hesab edilən Kumbha Mela 12 ildən bir qeyd olunur. Bu il bayrama 100 milyon hindusun qatılması gözlənilir.