SİYASƏT
HOLLANDİYANIN HAARLEM ŞƏHƏR BƏLƏDİYYƏSİNİN SƏDRİ: “AZƏRBAYCAN BİZİM ÜÇÜN GÖZƏL İNSANLARI VƏ ZƏNGİN MƏDƏNİYYƏT DİYARI OLAN YENİ BİR DÜNYADIR”
AZƏRTAC xəbər verir ki, Hollandiyanın Haarlem şəhərinin “Reinaldo” yaşlılar evinin zalında “Ana Vətən” Azərbaycan Qadınları İttifaqının təşkilatçılığı ilə “Xoş gəldin, Novruz!” mövzusunda bayram tədbiri keçirilmişdir.
Tədbirdə ittifaqın sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Gülşən Kazımova Azərbaycanın tarixi, mədəniyyəti və xalqımız tərəfindən ən çox sevilən qədim Novruz bayramı haqqında danışmışdır.
Haarlem şəhər bələdiyyəsinin sədri xanım Hilde van der Molen bildirmişdir ki, Azərbaycan bizim üçün gözəl insanları və zəngin mədəniyyət diyarı olan yeni bir dünyadır. Çox heyfslənirik ki, bu gözəl insanlardan və zəngin mədəniyyətdən uzaq qalmışıq.
Tədbirdə müğənni Elxan Rzayev, opera sənətçiləri Rauf Hüseynov və Adil Abdullayev, Bakıdan gəlmiş gənc pianoçu Şəfiqə Həsənəliyeva, rəqqasə Səltənət Zeynalova tamaşaçıları ifaları ilə sevindirmişlər. Proqramı Hollandiya müğənnisi Mariya Van Felze Azərbaycan xalq mahnıları ilə davam etdirmişdir.
Mərasim “Azərbaycana xoş gəlmisiniz” filmi ilə sona çatmışdır.
Tamaşaçılar yaşlılar evinin sərgi salonunda Azərbaycan rəssamlarının rəsmləri ilə tanış olmuşlar.
######