İQTİSADİYYAT
“HST Kablo” kabel zavodunun məhsulları inşaat sektorunda geniş tətbiq edilir
Bakı, 14 noyabr (AZƏRTAC). Elektrik enerjisinin ötürülməsi və paylanmasında kabellərdən geniş istifadə edilir. Respublikamızın inşaat sektorunda böyük tələbata malik elektrik kabellərinin bir qismi də Azərbaycanın “HST Kablo” kabel zavodunda istehsal edilir.
Zavoddan AZƏRTAC-a bildirmişlər ki, yüksək texnoloji avadanlıqla təchiz edilmiş müəssisədə tikintidə daha çox istifadə olunan alüminium və mis məftilli PVC, PE, XLPE izolyasiyalı kabellər buraxılır. Zavodda bu sahədə böyük təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər çalışırlar.
Zavodun buraxdığı məhsullar aşağı (1 kilovatadək), orta (1-35kv-dək) və yüksəkgərginlikli (380 kv-dək) olmaqla üç qrupa bölünür. Onlar əsasən elektrik cihazlarında, tikinti-quraşdırma işlərində, suvaq altında və ya üstündə, eləcə də boru içində tətbiq edilir.
Müəssisə geniş çeşidli, keyfiyyətli məhsullarını qonşu Gürcüstana da ixrac edir.