MƏDƏNİYYƏT
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ötən ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilmişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir İdarədən AZƏRTAC-a bildirmişlər ki, tədbirdən əvvəl ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulmuşdur.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev 2013-cü ildə idarənin əsas fəaliyyət istiqamətlərindən - abidələrin mühafizəsi, “İçərişəhər” və “Qala” qoruqlarının beynəlxalq standartların tələblərinə müvafiq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışmışdır.
Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki əhəmiyyətini vurğulayan natiq bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, ötən il də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiya işləri idarənin əsas prioritetlərindən olmuşdur. Bunlara misal olaraq Qız qalasında 2009-cu ildən başlayan konservasiya işləri tamamlanmış, abidənin daxilində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyası yaradılmışdır.
2013-cü ildə “İçərişəhər” və “Qala” qoruqları ərazisində keçirilmiş mədəni-kütləvi tədbirlərin əhəmiyyətindən danışan idarə rəisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirləri və Novruz bayramı festivalını xüsusi vurğulamışdır.
Ötən ilin uğurları sırasında “İçərişəhər” DTMQİ-nin “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - “Italian Heritage Award” nüfuzlu beynəlxalq mükafatına layiq görülməsi də xüsusi qeyd edilmişdir.
Bundan əlavə, UNESCO tərəfindən İçərişəhərə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə “gücləndirilmiş mühafizə” statusu verilmişdir ki, bu da Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
İdarə rəisi bildirmişdir ki, “İçərişəhər” və “Qala” qoruqlarına göstərilən daimi diqqət və qayğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkənin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu xüsusi vurğulanmışdır.
İclasda “İçərişəhər” DTMQİ-nin tabeliyindəki qurumların rəhbərləri müvafiq sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.
Sonda “İçərişəhər” DTMQİ-nin 2014-cü il üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edilmiş, idarənin tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.