İQTİSADİYYAT
İctimai nəqliyyat vasitələrinin mövcud vəziyyətini yoxlamaq məqsədilə monitorinqlər keçirilib
Bakı, 16 avqust, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəziyyətini yoxlamaq məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Son 10 gün ərzində aparılan növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819 Dövlət Qeydiyyat Nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TL-375 Dövlət Qeydiyyat Nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781 Dövlət Qeydiyyat Nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istismara yararsız vəziyyətdə olması aşkar edilib. Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılacaq və BNA öz səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.