CƏMİYYƏT
İctimai yerlərdə dörd nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb
Bakı, 1 fevral, AZƏRTAC
Yanvarın 31-də polis əməkdaşları respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə polis əməkdaşları izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.