CƏMİYYƏT
İDEA kampaniyası “Yaşıl bloqerlik” təlimlərini elan edir
Bakı, 14 iyun (AZƏRTAC). Son illər informasiya-kommunikasiya texnologiyaların inkişafı ilə əlaqədar gənclər asudə vaxtlarını internetdə müxtəlif faydalı işlərə sərf edirlər. Bunu nəzərə alaraq, Azərbaycanın internet məkanında İDEA kampaniyası ətraf mühit məsələləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ekoloji problemlərlə mübarizə üsullarına yeni bir yanaşmanın təbliği istiqamətində gənclərimizi ekoloji mövzularda müxtəlif məqalələr yazmağa həvəsləndirmək məqsədi ilə yeni bir layihəyə başlayır.
Layihədə gənclərin ətraf mühitə mənfi təsirlər haqqında məlumatlılıq səviyyəsini artırmaq, habelə bu cür təsirlərin aradan qaldırılmasında ictimaiyyətin mövqeyini gücləndirmək istiqamətində ekoloji mövzuda bloq yazmaq vərdişlərinə yiyələnmək istəyənlər üçün “Yaşıl bloqerlik” təlimlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
“Yaşıl bloqerlik” Azərbaycanda ilk dəfə olaraq gənclər üçün planetin ekoloji tarazlığın qorunub saxlanılmasına dair yeni ideyalarını və gələcəyə baxışlarını ifadə etmək üçün bir fürsətdir. Təlimlərin məqsədi dünyada mövcud ekoloji problemlərin həlli istiqamətində cərəyan edən proseslərə gənclərin baxışını öyrənmək və bu istiqamətdə mövcud maneələrə gələcək nəslin nümayəndələrinin mövqeyini ictimaiyyətə çatdırmaqdır.
Təlimlərdə 18-30 yaşarası, ətraf mühit sahəsinə və bloq yazmağa marağı olan, kompyuterdə sərbəst işləməyi bacaran gənclər iştirak edə bilərlər.
Xaricdə təhsil almış ətraf mühit mütəxəssisləri tərəfindən keçiriləcək təlimlər iyulun 15-dən etibarən İDEA kampaniyasının Resurs Mərkəzində keçiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən gənclər “Ətraf mühiti necə qorumalıyıq?” sərlövhəli kiçik məqalə, CV-lərini iyunun 30-dan gec olmayaraq “Yaşıl bloqerlik təlimləri” başlığı altında [email protected] elektron ünvanına göndərməlidirlər.