QAN YADDAŞI
“İki əsr davam edən soyqırımı” mövzusunda kitabxana plakatı müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir
Bakı, 31 mart (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərdən söz açmışdır.
Bildirilmişdir ki, xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasəti ölkəmizə ağır maddi və mənəvi zərbələr vurmuşdur. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa edənədək bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.
Ş.Qəmbərova vurğulamışdır ki, ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq istiqamətində xeyli iş görülmüşdür.
Toplantıda çıxış edənlər iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, bu qətliamlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişlər.
Tədbirdə “İki əsr davam edən soyqırımı” mövzusunda kitabxana plakatı müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqədə Fərəh Talışinskaya, Oqtay Hüseynov və Nərgiz Əhmədova müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar.
Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir. Digər müsabiqə iştirakçıları da mükafatlandırılmışlar.
Müsabiqə iştirakçılarının işləri kitabxananın oxu zalında sərgilənmişdir.