SİYASƏT
İkinci Qarabağ müharibəsi: Otuz ildə bizi başa düşməyənlərə otuz gündə çox şeyi başa saldıq
Bakı, 27 oktyabr, Əsəd Məmmədov, AZƏRTAC
Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı artıq bir aydır ki, uğurla davam edir. Bu müddət ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Yalnız bir fakt söyləmək kifayət edir ki, uğurumuzu tam əks etdirə bilək: Bir neçə il ərzində işğal edilən ərazilər bir ay ərzində düşməndən geri alındı. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun qüdrətindən xəbər verir.
Otuz gün: Ordu quruculuğu istiqamətində
görülən işlərin nəticəsi
1994-cü ilin mayında atəşkəs haqqında Bişkek Protokolunun qüvvəyə minməsindən 2020-ci il sentyabrın 27-dək olan müddətdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması, peşəkar ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün düşmən döyüş meydanında darmadağın edilir.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatları daha da genişləndirməklə davam etdirən Prezident İlham Əliyev Cənubi Qafqazın ən güclü Ordusunu formalaşdırdı.
Müasir silah-sursata, hərbi texnikaya, peşəkar kadrlara, yüksəksəviyyəli nizam-intizama malik Azərbaycan Ordusu bu gün bir daha sübut edir ki, qarşıya qoyulan bütün tapşırıqların icrasını həyata keçirmək iqtidarındadır.
Bu gün Ordumuz arsenalında olan ən müasir texnikadan yüksək peşəkarlıqla istifadə edərək düşmənə yaddaşlarına əbədi həkk olunacaq zərbələr endirir. Düşmən canlı qüvvə sarıdan minlərlə itki verib, bundan əlavə, Ermənistan ordusuna məxsus çoxlu sayda tank, döyüş maşınları, toplar, minaatanlar, tank əleyhinə vasitələr, “Qrad” qurğuları, “Uraqan” Yaylım Atəşli Raket Sistemi, zenit-raket kompleksləri məhv edilib və ya qənimət olaraq götürülüb. Bu texnikanın qiymətlərinin cəmi isə milyardlarla ölçülür.
“Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. Prezident İlham Əliyevin 2018-ci il iyunun 26-da keçirilən hərbi paraddakı çıxışındakı bu fikirlər əslində Ermənistanın hərbi-siyasi rəhbərliyinə bir mesaj kimi də qiymətləndirilməli idi. Son illər təkcə ölkəmizin müdafiə xərclərinə ayırdığı pulun Ermənistanın dövlət büdcəsindən çox olması faktı bir daha sübut edir ki, düşmən heç bir halda bütün komponentlərdə onu üstələyən Azərbaycan Ordusunun qarşısında müqavimət göstərə bilməz.
Otuz gün: 4 şəhər, 3 qəsəbə və 165
kənd işğalçılardan təmizlənib
Azərbaycan Ordusu cəmi bir ay ərzində düşmənin ordusu haqqında illərdir formalaşdırdığı “yenilməzlik” mifini darmadağın etdi. Bu gün düşmən artıq Azərbaycan Ordusunun gücünü görür və onunla hesablaşmaqdan başqa yolunun olmadığını dərk edir.
“Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir”. Bu fikirləri Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədəki çıxışında səsləndirilib.
Bir ay ərzində 4 şəhər, 3 qəsəbə və 165 kənd, Murov dağındakı yüksəklik işğalçılardan təmizlənib. Hər bir kəndin, yüksəkliyin işğaldan azad edilməsi uğrunda rəşadətlə mübarizə aparan Ordumuz hər gün, hər saat böyük tarixi nailiyyətlərə imza atıb.
Nəzərə almaq lazımdır ki, düşmən işğal altında saxladığı ərazilərdə güclü müdafiə istehkamları qurmuşdu. Bu müdafiə səddinin qırılması, sadəcə, böyük qəhrəmanlıq tələb edirdi ki, Azərbaycan Ordusu da bu vəzifəni böyük peşəkarlıq və şücaətlə yerinə yetirdi.
Beləliklə, bu 30 gün ərzində düşmənə başa sala bildik ki, nəinki Ermənistan ordusu, hətta bu illər ərzində onun qurduğu və keçilməz saydığı sədlər belə Azərbaycan Ordusunun qələbə əzminin qarşısında məhvə məhkumdur.
Otuz gün: Azərbaycan müstəqil xarici siyasət
kursuna sadiqliyini nümayiş etdirdi
Hərbi əməliyyatlardan əvvəl, həmçinin əks-hücum əməliyyatının ilk günündən başlayaraq müxtəlif dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə münaqişənin hərbi həlli olmadığına dair bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti oktyabrın 9-da xalqa müraciəti zamanı bir daha bu cür bəyanatlar səsləndirənlərə cavab verərək dedi: “Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur”.
Bəli, Azərbaycan Prezidentinin xalqın milli maraqlarına söykənən xarici siyasətinin nəticəsidir ki, heç bir kənar qüvvə bu gün bizim ədalətli mübarizəmizə mane ola bilmir. Hər zaman xalqına arxalanan Azərbaycan Prezidenti bütün təzyiqləri dəf edir və hər kəsə layiq olduğu cavabı verir.
Xarici media jurnalistlərinin lentə aldığı kadrlardan da göründüyü kimi, Azərbaycan Prezidentinin dərin məzmunlu çıxışlarını Dağlıq Qarabağda yaşayan erməni əhali də böyük maraqla izləyir. Yəqin ki, otuz gün ərzində onlar da başqasının torpağını işğal edib, orada əbədi yaşaya bilməyəcəklərini başa düşüblər.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti də çıxışlarında Dağlıq Qarabağın erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olaraq ləyaqətli yaşamalarının təmin ediləcəyini söyləyib.
Bu gün Azərbaycanın münaqişənin həlli üçün illər ərzində formalaşdırdığı hüquqi bazanın da böyük önəm daşıdığı qeyd olunmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərdə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəalar yer alıb. Təbii ki, bütün bunlar da döyüş meydanında uğur qazanan Azərbaycanın beynəlxalq müstəvidə də bu nailiyyətlərinə hüquqi əsas yaratmağa imkan verir.
Otuz gün: Bütün dünya həmrəyliyimizin şahididir
Bu günlər ərzində bütün dünya Azərbaycan xalqının həmrəyliyinin, Ali Baş Komandanına inamının şahidi oldu.
Bu müddət ərzində düşmən müxtəlif təxribatlara əl ataraq bu birliyi sarsıtmağa cəhdlər etdi. Lakin başa düşmədi ki, bu xalqı daha da birləşdirən onun keçdiyi ağır günlər olub. Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqla, dinc insanları, uşaqları qətlə yetirməklə xalqımızı parçalamaq gücündə deyil. Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ətrafında bir yumruq kimi birləşən xalqın qalib ölkənin qalib vətəndaşı olmaq üçün çıxdığı yolda düşmənin silahı yerə qoyub, ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yoxdur. Bəli, artıq 30 gün ərzində düşmən də bunu başa düşür.
Əsəd Məmmədov
AZƏRTAC-ın redaksiya müdiri