ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda tələbələrlə görüş
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrlə görüş keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tədris, təlim-tərbiyə, təhsildə qazanılan nailiyyətlər, həyata keçirilən yeni layihələr və digər cari məsələlər müzakirə olunub.
Rektor Ceyhun Məmmədov məlumat verib ki, görüşün məqsədi gələcək hədəf və vəzifələr barədə onları məlumatlandırmaq, sosial problemlərini, tədris sahəsində olan çətinliklərini və təkliflərini öyrənmək, bir sıra tövsiyələr verməkdir. Rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Respublika Prezidentinin bu sahəyə diqqət və qayğısı nəticəsində ciddi nailiyyətlər qazanılıb, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülüb.
Ceyhun Məmmədov vurğulayıb ki, Aİİ-də dövlətin qayğı və təminatı ilə tələbələr üçün hər cür şərait yaradılıb. Təhsilalanların ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən danışan rektor gənclərə öz peşələrinə mükəmməl yiyələnməklə yanaşı, Vətəni və milləti sevən, onun təəssübünü çəkən layiqli vətəndaş olmağın önəmini vurğulayıb. İnstitut rəhbəri təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali təhsil müəssisəsində müəllim və tələbələr arasında qarşılıqlı münasibətlərin düzgün qurulmasının əhəmiyyətini qeyd edib. O, tələbələrə institutun və ölkəmizin sosial həyatında fəal iştirak etməyi, könüllü proqramlarına qoşulmağı, layihələrdə aktiv iştirak etməyi tövsiyə edib.
Aİİ-nin II kurs tələbəsi Fərid Qasımzadə tələbələrin adından çıxış edərək bildirib: “Gələcəkdə peşəkar mütəxəssis olmaq istəyiriksə, institutun bizə göstərdiyi etimadı hər zaman doğurultmağa, ali təhsil müəssisəsinin və ölkəmizin ictimai və sosial həyatında, dərslərimizdə fəal olmağa çalışmalıyıq”.
Tədbirdə rektor tələbələrin tədris prosesi, təlim, təhsil və sosial məsələlərlə bağlı sualları cavablandırılıb.