İQTİSADİYYAT
İlin sonunadək Ucar rayonunun daha beş kəndinə təbii qaz veriləcəkdir
Ucar, 25 avqust (AZƏRTAC). Bu ilin sonunadək Ucar rayonunun daha beş yaşayış məntəqəsinə - Qazyan, Bağırbəyli, Qulabənd, Qarabörk və Alpı kəndlərinə təbii qazın verilməsi bərpa olunacaqdır.
Rayon qaz istismar sahəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda qazlaşdırma işləri aparılan kəndlərdəki 2170 təsərrüfatda 12 min 350 nəfərədək əhali yaşayır. Bu kəndlərə 180 kilometr uzunluğunda daşıyıcı boru kəməri çəkilmişdir. Qazyan və Bağırbəyli yaşayış məntəqələrində kənddaxili xətlər təzələnmişdir, sayğacların quraşdırılması başa çatdırılmaq üzrədir. Hər iki kəndə yaxın vaxtlarda “mavi yanacaq” veriləcəkdir.
Qulabənd, Qarabörk və Alpı kəndlərində isə hazırda kənddaxili xətlərin çəkilişi davam etdirilir. Bu kəndlərə təbii qazın ilin sonunadək verilməsi nəzərdə tutulmuşdur.