ELM VƏ TƏHSİL
İMİŞLİ RAYONUNDA 4 YENİ MƏKTƏB BİNASI TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İmişlinin Mirili kəndində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"na uyğun olaraq 192 yerlik, yerli büdcə vəsaiti ilə Muradalılı kəndində 140 yerlik, iş adamlarının maliyyəsi hesabına Qaralar kəndində 600 yerlik və Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Muradxanlı kəndində 120 yerlik yeni məktəblər tikilir. Bu təhsil ocaqlarının növbəti dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Cari ildə yerli büdcə və bələdiyyələrin vəsaiti ilə 3 kənd məktəbi binasının əsaslı təmiri də planlaşdırılmışdır.
2007-ci ildə rayonun Göhərli və Otuziki kəndlərində hərəsi 120, Boşçalılar kəndində isə 260 yerlik yeni məktəb binaları inşa edilmişdir.