DÜNYA
İndoneziyada prezident seçkiləri keçirilir
Cakarta, 9 iyul (AZƏRTAC). İyulun 9-da İndoneziyada prezident seçkiləri keçirilir. Seçkilərin nəticələri barədə heç bir politoloq proqnoz verməyə cəhd etmir və seçkilərin hansı namizədin qələbəsi ilə nəticələnəcəyini əvvəlcədən söyləməyin çətin olduğu bildirilir.
Səhər saat 7:00-dan seçki məntəqələri seçiciləri qəbul etməyə başlamışlar. İndoneziyada səsvermə üçün altı saat vaxt ayrılır. Mərkəzi Seçki Komissiyasının sədri Hüsni Kamil Manik ümidvar olduğunu bildirmişdir ki, seçicilərin və nəzarətçilərin birgə səyi ilə seçkilər təhlükəsiz keçəcəkdir. Seçkilərin təhlükəsizliyini polislə birlikdə dəniz piyadaları da qoruyur.
İndoneziyada 190 milyon seçici səs vermək hüququna malikdir. Hazırda ölkədə 480 min seçki məntəqəsi fəaliyyət göstərir. Çətin gedilən yaşayış məntəqələrinə seçki bülletenləri və səsvermə qutuları helikopter, qayıq və atların köməyi ilə çatdırılmışdır.
Əhalisinin sayına görə dünyanın dördüncü ölkəsinin dövlət başçısı vəzifəsi uğrunda iki namizəd - paytaxt Cakartanın qubernatoru Cako Vidodo və general-leytenant Prabovo Subianto mübarizə aparırlar. İctimai rəy sorğularının nəticələrinə görə, namizədlərin qələbə şansı bərabərdir. Sosioloqların sorğularının nəticələrinə görə isə C.Vidodo rəqibini qismən - cəmi 3 faiz qabaqlayır.
İndoneziya qanunvericiliyinə əsasən, prezident vəzifəsinə namizədi yalnız ölkə parlamentində 20 faiz yerə malik partiyalar irəli sürə bilərlər. Bu dəfə seçkilərdə son bir neçə on il ərzində keçirilmiş prezident seçkilərindən fərqli olaraq, cəmi iki namizəd iştirak edir. Yerli politoloqların bildirdiyinə görə, belə vəziyyət çox təhlükəlidir və cəmiyyətdə parçalanma yarada bilər.
Seçkilərin nəticəsindən asılı olmayaraq, İndoneziyada prezident seçkiləri bir dəfə keçiriləcəkdir. Bu barədə qərarı ölkənin Konstitusiya Məhkəməsi seçkilərə bir neçə həftə qalmış qəbul etmişdir. Məsələ burasındadır ki, qanunvericiliyə görə, prezidentliyə namizəd qalib gəlmək üçün yalnız seçicilərin səsinin əksəriyyətini toplamalı deyil, həm də 34 əyalətdən 17-də qalib gəlməlidir. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən, seçkidə cəmi iki namizəd iştirak etdiyinə görə sadə səs çoxluğu kifayətedicidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta