DÜNYA
İndoneziyada qəzaya uğrayan “Boeing 737” təyyarəsinin qara qutusu tapılıb
Bakı, 1 noyabr, AZƏRTAC
İndoneziyalı dalğıclar “Lion Air” aviakompaniyasının Yava dənizi üzərində qəzaya uğramış “Boeing 737” təyyarəsinin qara qutularından birini aşkarlayıb.
AZƏRTAC “Detik News” portalına istinadla xəbər verir ki, qara qutu dənizin 30 metr dərinliyində təyyarənin gövdəsinin yaxınlığında aşkarlanıb. Axtarış əməliyyatı güclü sualtı axın səbəbindən çətin keçib. Qara qutu artıq sudan çıxarılıb.
Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Cəmi iki ay öncə istehsal olunmasına baxmayaraq, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmışdı. “Lion Air” aviakompaniyası 10 ədəd “Boeing 737 Max” təyyarəsinin alınması barədə danışıqları qəzanın səbəbləri tam təhqiq olunanadək dondurduğunu elan edib. Həmçinin ölkədə fəaliyyət göstərən aviakompaniyalara parklarında olan bütün “Boeing 737 Max” təyyarələrini yoxlamaq tapşırılıb.