ELM VƏ TƏHSİL
“İNFORMASİYA CƏMİYYƏTİNİN ƏSASLARI” FƏNNİNİN TƏDRİSİNƏ DAİR İNNOVATİV LAYİHƏ REALLAŞIR
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyəti ideologiyasının məqsəd və vəzifələrini genş ictimaiyyətə çatdırmaq, həmçinin yeni cəmiyyətin əsaslarını tədris etmək məqsədilə müvafiq nazirliklər, təşkilatlar və elmi qurumlarla birgə bir sıra tədbirlər həyata keçirir.
İTİ ölkənin təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihəni reallaşdırır. Gənc jurnalistlər bu kurs çərçivəsində nəzərdə tutulan mövzuları mənimsəyərək, gələcəkdə həmin ideyaları daha geniş təbliğ etmək imkanına malik olacaqlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, fevralın 14-də bu elm müəssisəsinin Tədris İnnovasiya Mərkəzində təşkil olunan mühazirədə BDU-nun jurnalistika fakültəsinin müəllim və tələbələri iştirak etmişlər.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədris olunması zərurəti, məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Bu kursun mahiyyətinə görə multidistiplinar xarakter daşıdığını qeyd edən natiq, nəzərdə tutulan bilikləri mənimsəmək üçün çox geniş spektrdə (informatika, fizika, riyaziyyat, fəlsəfə, sosiologiya, iqtisadiyyat, hüquq və s.) biliyə malik olmağın, həmin sahələrə aid olan müxtəlif termin və anlayışlarla yaxından tanışlığın zəruriliyini diqqətə çatdırmışdır.
Hazırda bəşəriyyətin informasiya cəmiyyətinə (İC) qədəm qoyduğunu və fenomenal xüsusiyyətlərə malik yeni bir istiqamətin günümüzün reallığına çevrilməkdə olduğunu nəzərə çatdıran R.Əliquliyev İC ideologiyasının bütün elmlərə sirayət etdiyini vurğulamışdır.
Sonda BDU-nun jurnalistika fakültəsinin professor və müəllimləri çıxış edərək, bu layihənin reallaşdırılmasında göstərdiyi səyə və maraqlı mühazirəyə görə alimə təşəkkür etmişlər.