SİYASƏT
İNFORMASİYA SESSİYALARI SEÇKİ TƏCRÜBƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ SEÇKİLƏRİN DAHA DEMOKRATİK ŞƏRAİTDƏ KEÇİRİLMƏSİNƏ XİDMƏT EDİR
Bu sözləri noyabrın 16-da Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən informasiya sessiyalarının əhəmiyyətindən danışarkən demişdir.
Əli Həsənov bildirmişdir ki, bu tədbirlərin əsas mahiyyəti beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın seçki təcrübəsini bir daha təkmilləşdirməkdən, mövcud problemləri təhlil etməkdən, demokratik seçki keçirmək üçün lazımi məqamları təmin etməkdən ibarətdir. Ona görə də, bu cür tədbirlər istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkiləri olsun, istənilən halda seçki təcrübəsinin təkmilləşdirilməsinə və seçkilərin daha demokratik şəraitdə keçirilməsinə xidmət edir.
Şöbə müdiri Azərbaycanda söz azadlığının hazırkı vəziyyətinə də münasibət bildirmişdir. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığının vəziyyəti media üzərindən dövlət senzurası götürüləndən bəri normaldır və heç də Avropa ölkələrindən geri qalmır.
Əli Həsənov demişdir ki, bu, bəlkə də bəzi insanları, bəzi beynəlxalq təşkilatları qane etmir. Amma tam əminliklə deyirəm ki, bu gün Azərbaycanda istənilən dövlət qərarını, istənilən məmurun fəaliyyətini təhlil etmək, ona qiymət vermək, bu barədə cəmiyyəti məlumatlandırmaq baxımından Azərbaycan mediası nə Fransadan, nə Almaniyadan, nə İtaliyadan geridə qalmır. O yerdə ki, jurnalist istənilən dövlət qulluqçusunun, dövlətin hansısa qurumunun fəaliyyətini, büdcəni və ya digər sənədi sərbəst şəkildə müzakirəyə çıxarıb, onunla bağlı azad mülahizə söyləyə bilirsə, “söz azadlığının vəziyyəti pisdir” demək ədalətsizlikdir.