İQTİSADİYYAT
İnformasiya texnologiyaları sahəsində əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəkdir
Bakı, 16 aprel (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və gələcək perspektivlər barədə danışmışdır. Nazir demişdir ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsi gələcəkdə bu sahədə əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəkdir.
Cari ilin I rübünün nəticələri barədə məlumat verən məruzəçi bildirmişdir ki, ötən dövrdə İKT sektorunda artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, informasiya texnologiyaları sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə təşkil etmişdir. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz olmuşdur. Mobil abunəçilərin sayı 9 milyon 446 min 400 nəfərə çatmış, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15-ə, internet istifadəçilərinin sayı 50-yə bərabər olmuşdur.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.
Kollegiyaya yekun vuran nazir Prezident İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulamışdır. O, qəbul olunmuş Dövlət Proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, ölkəmiz və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Elektron-hökumət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin icrasının təmin olunması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar vermişdir.
######