ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları Universitetinin ilk tələbələrinə “Notebook” hədiyyə olunmuşdur
Bakı, 31 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 600-dən yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş hər bir abituriyentə “Notebook” hədiyyə edilmişdir.
Hədiyyələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ilə universitetin ilk tələbələri arasında keçirilən görüşdə təqdim olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İTU-nun tələbələri üçün hazırlanan hədiyyələr bununla məhdudlaşmır. Bu təhsil müəssisəsini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan bir sıra üstünlüklərə də malik olacaqlar. Onlar nazirliyin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanacaq, məzunlar işlə təmin edilləcəkdir. Eyni zamanda, nazirlik tərəfindən İTU-nun məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün dəstək veriləcəkdir.
Bundan əlavə, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.), eyni zamanda, aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və s. ilə təminat da nəzərdə tutulur.
İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcəkdir. Bu ixtisaslara informasiya təhlükəsizliyi, kompyuter elmləri, kompyuter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi daxildir. Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcəkdir. Növbəti 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaqdır.
2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi İTU üçün müvafiq binanın inşası başa çatdırılana qədər Azərbaycan Diplomatik Akademiyasında (ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsi, 11 (“Gənclik” metrosunun yanı) aparılacaqdır.
Universitetin gələcəkdə dünyanın ən müasir və qabaqcıl təhsil müəssisələrindən birinə çevrilməsi də diqqət mərkəzində olacaqdır.