İNSTİTUTUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Yığıncaqda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan həkimlərinin elmi-texniki tərəqqinin nailiyyətlərinə yiyələnməsində, ixtisasının artırılmasında institutun böyük rolundan danışaraq bildirmişdir ki, onun təməlini qoyanlar arasında Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Sona Vəlixan kimi görkəmli elm xadimlərimiz vardı. İnstitutun təşəkkülü tarixində ən parlaq səhifələr görkəmli ictimai xadim Əziz Əliyevin adı ilə bağlıdır. Yarandığı ilk gündən burada hər il 3 minə yaxın müxtəlif ixtisaslı həkimlər təkmilləşdirmə kurslarında təhsil alır, onlar təkcə keçmiş SSRİ respublikaları üçün deyil, xarici ölkələr üçün də hazırlanırdı. İndi institutda 43 tibb elmləri doktoru, 144 tibb elmləri namizədi, 3 fakültə və 28 kafedra fəaliyyət göstərir.
O.Şirəliyev Azərbaycan səhiyyəsinin perspektivlərindən danışaraq demişdir ki, ilin sonunadək ölkənin regionlarında Neft Fondunun və ARDNŞ-in vəsaiti hesabına tikilən 3 müalicə-diaqnostika mərkəzi, 20-dən çox tibb müəssisəsi istifadəyə veriləcəkdir. Bakının iqtisadi inkişaf planına uyğun olaraq, ətraf qəsəbələrdə müasir müalicə müəssisələri tikiləcək, onların yarısı artıq bu il fəaliyyətə başlayacaqdır. Səhiyyəyə dövlət qayğısı sahənin büdcədən maliyyələşdirilməsində, habelə burada çalışanların əmək haqqının artırılmasında da özünü büruzə verir.
Oqtay Şirəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi”, “Əməkdar həkim”, “Əməkdar müəllim” fəxri adlarına, layiq görülənlərə vəsiqələri, bir qrup əməkdaşa isə “Tərəqqi” medalı təqdim etmişdir.