DÜNYA
İosif Kabzon vəfat edib
Bakı, 30 avqust, AZƏRTAC
SSRİ xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kabzon uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumat Dövlət Duması tərəfindən təsdiqlənib.
Məşhur müğənni iyulun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 2005-ci ildə onda onkoloji xəstəlik aşkarlanmış, bundan sonra bir neçə cərrahiyyə əməliyyatı və kimyaterapiya kursları keçmişdi.
1937-ci il sentyabrın 11-də Ukraynanın Dontesk vilayətinin Çasov Yar şəhərində anadan olan İosif Kabzon uşaq yaşlarında oxumağa başlayıb. Hələ doqquz yaşında Kremldə Mərkəzi Komitənin sədri İosif Stalinin qarşısında oxuyub.
Hərbi xidmətini Zaqafqaziya Hərbi Dairəsinin musiqi və rəqs ansamblında keçib, sonra Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutuna (indiki Qnesinlər adına Rusiya Musiqi Akademiyası) qəbul olub. Ümumittifaq radiosunda çıxışları ilə məşhurluq qazanıb. Estrada artistlərinin ümumrusiya müsabiqəsində və 1964-cü ildə Polşanın Sopot şəhərində keçirilən festivalda qələbə qazanaraq estradada mövqeyini bir qədər də gücləndirib.
“Baharın on yeddi anı” filmi ekrana çıxdıqdan sonra onun lirik bariton səsini keçmiş Sovet İttifaqında tanımayan qalmayıb.
Qastrol fəaliyyəti yarım əsrdən çox davam edən İosif Kabzonun repertuarına 3 minə yaxın mahnı daxildir. O, estrada ilə yanaşı, fəal ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti, həmçinin bizneslə məşğul olub, müəllimlik edib. Altı çağırış Dövlət Dumasının deputatı seçilib.