SİYASƏT
İqtisadçı ekspertlər “ABŞ-Azərbaycan: gələcəyə baxış”forumunun “Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı – energetika və iqtisadiyyatın digər sahələri” panelində çıxış etmişlər
Vaşinqton, 1 may (AZƏRTAC). “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumunun gündüz sessiyasında “ABŞ Almaniya Marşall fondu”nun böyük elmi işçisi Coşua Uokerin moderatorluğu ilə “Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı - energetika və iqtisadiyyatın digər sahələri” mövzusunda panel iclası keçirilmişdir.
İclasda ABŞ dövlət katibinin Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda layihələrin həyata keçirilməsi üzrə köməkçisinin müavini Culiya Neşeyvat, ABŞ Energetika Nazirliyinin Xarici Əlaqələr şöbəsində energetika nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind, “Boeing” şirkətinin hökumətlə əlaqələr şöbəsinin beynəlxalq əməliyyatlar və siyasət məsələləri üzrə direktoru Prayan Lopp, Azərbaycan Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri İman Kərimov və Bakıdakı Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroğlu çıxış etmişlər.
Dövlət Departamentinin nümayəndəsi Culiya Neşeyvat Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu vurğulamışdır. Conatan Elkind Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirmişdir ki, bu günə qədər Ceyhan limanında 2500-dən çox tankerə Azərbaycan nefti yüklənmişidir.
“Boeing” şirkətinin nümayəndəsi Brayan Lopp Azərbaycanda aviasiya nəqliyyat infrastrukturunun inkişafı, Bakıda Aviasiya Akademiyasının dünya standartlarına müvafiq səviyyədə fəaliyyətini, postsovet məkanında ən yaxşı aviaşirkətlərdən biri olan “Silk Way Airlines” aviaşirkətinin mükəmməl şəbəkəsini, Heydər Əliyev aeroportunun yeni terminalını xatırladaraq qeyd etmişdir ki, “Boeing” şirkəti ilə Azərbaycanın kontraktlarının həyata keçirilməsi prosesində amerikalılar üçün 11.000 iş yeri yaradılmışdır.
Sonra Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri İman Kərimov 9 nazirliyin 150-ə qədər xidmətini bir məkanda cəmləşdirən ASAN xidmətinin unikallığından, habelə Azərbaycan vətəndaşlarının rahatlığı üçün bu agentliyin səyyar məntəqələrindən danışmışdır. İ.Kərimov qeyd etmişdir ki, yaxın gələcəkdə xarici ölkələrdə, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılara internet şəbəkəsi vasitəsi ilə xidmətlər göstəriləcək.
İclasın sonunda çıxış edən Bakıdakı Amerika-Azərbaycan Ticarət Palatasının (AmCham) icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroğlu Ticarət Palatasının son 17 ildəki uğurları barədə söhbət açmışdır . Qeyd edilmişdir ki, 17 il bundan əvvəl palatanın üzvü olan cəmi 13 şirkət vardırsa, bu gün 280 şirkət ölkə iqtisadiyyatının 13 sektorunu əhatə edir. N.Nəsrullayeva-Muduroğlu Amerika şirkətlərini Azərbaycan iqtisadiyyatında fəal iştirak etməyə çağırmışdır.
Rəsmi nahar zamanı Texas ştatından olan konqresmen Ted Po ABŞ-Azərbaycan energetika əməkdaşlığını davam etdirməyə çağırmışdır. “AzPROMO”nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun genişlənməsi və inkişafı haqda söhbət açmış, Nyu-York ştatından konqresmen Qreqori Miks regionda təhlükəsizlik sahəsində və koalision əməliyyatlarda Birləşmiş Ştatların dəstəklənməsində Azərbaycanın rolunu vurğulamış, Kaliforniyadan konqresmen Deyna Roxrabaxer Azərbaycanı və ABŞ-ı sıx əməkdaşlığı davam etdirməyə çağırmış, Nyu-Hempşir ştatından ABŞ konqresinin üzvü Kelli Ayott Azərbaycana əməkdaşlığa görə təşəkkürünü bildirmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton