İQTİSADİYYAT
İran Rusiya ilə rəqabət aparmadan Avropanı qaz ilə təchiz etmək istəyir
Bakı, 14 aprel (AZƏRTAC). İran dünya qaz bazarında öz rolunu artırmaq niyyətindədir, lakin o, Rusiyaya rəqib olmaq istəmir.
İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Reza Nemətzadə bu barədə Almaniyada nəşr olunan “Handelsblatt” qəzetinə müsahibəsində məlumat vermişdir.
Nazir demişdir: “Biz gələcəkdə dünya qaz bazarında daha böyük rol oynamaq istəyirik. Bu gün İran İslam Respublikası dünyada ən böyük təbii qaz ehtiyatlarına malik ölkədir. Hazırda biz qaz kəməri tikintisi üzrə böyük bir layihə üzərində işləyirik. Həmin kəmər vasitəsilə “mavi yanacaq” İran İslam Respublikasının cənubundan şimal-qərb istiqamətində Türkiyə sərhədlərinə nəql ediləcəkdir. Oradan enerji daşıyıcısını Qərb ölkələrinə ixrac edə bilərdik”.
Nazir xatırlatmışdır ki, Tehran İsveçrənin və İspaniyanın müəssisələri ilə, habelə “Shell” şirkəti ilə müqavilələr bağlamış, lakin beynəlxalq sanksiyalar ucbatından həmin müqavilələri reallaşdırmaq mümkün olmamışdır.
Reza Nemətzadə demişdir: “Biz Rusiyaya rəqib olmaq istəmirik. Bilirik ki, avropalıların qaza tələbatı get-gedə artır, buna görə biz bazarda öz payımızı almaq istəyirik. İran İslam Respublikası Avropanın etibarlı və uzunmüddətli tərəfdaşı ola bilər. Bizim enerji daşıyıcısı ehtiyatlarımız və əməkdaşlıq barədə planlarımız vardır”.
İran təbii qaz hasilatı üzrə dünyanın aparıcı ölkələrindən biridir. 2016-cı ildə bu ölkədə gündəlik neft hasilatının həcmi 1,2 milyard kubmetrə çatdırılacaqdır.
İranda qaz ehtiyatlarının sübut edilmiş ümumi həcmi təxminən 33,6 trilyon kubmetrə bərabərdir. Bu göstərici üzrə ölkə dünyada birinci yeri tutur.
İrana qarşı sanksiyalar ucbatından o, uzun müddət yanacaq üçün satış bazarları tapa bilməmişdir. Buna görə Tehran qaz anbarları inşa etməyə məcbur olmuşdur. Artıq hər birinin tutumu 1,2 milyard kubmetr və 4,6 milyard kubmetr olan obyektlər istifadəyə verilmişdir.