SİYASƏT
İRAN VƏ AZƏRBAYCANIN GƏNCLƏR TƏŞKİLATLARI İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRƏ TÖHFƏ VERİRLƏR
Bakı, 25 yanvar (AZƏRTAC). Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri yanvarın 25-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) idarə heyətinin üzvləri ilə görüşmüşlər.
Görüşdə azərbaycanlı gənclərin Avropaya inteqrasiyası, onların xarici gənclərlə sıx əlaqələri, bu sahədə görülən işlər, fikir mübadiləsi üçün yaradılmış şərait, o cümlədən gənclərin inkişafına dair Azərbaycanda aparılan siyasət, bu siyasətin uğurlu nəticələri barədə qonaqlara məlumat verilmişdir.
Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov vurğulamışdır ki, ARGTMŞ 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilmişdir. Hazırda öz ətrafında 66 uşaq və gənclər təşkilatını birləşdirir. Milli Şura dövlət gənclər siyasətinin hazırlanmasında və həyata keçirilməsində, digər mühüm işlərdə bir çox uğurlar qazanmışdır. Bu görüş İranlı gənclərlə daha sıx əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Görüşdə ARGTMŞ-nin həyata keçirdiyi layihələr, çoxsaylı beynəlxalq tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, gənclərin ictimai həyatda fəallıqlarından, onların qazandıqları ictimai təcrübədən geniş danışılmışdır.
Çıxış edən qonaqlar görüşün əhəmiyyətindən danışmış, dialoqun, əməkdaşlığın daha da genişləndirilməsi, gənclərin yerli və regional layihələrdə iştirakının vacibliyini vurğulamış, ARGTMŞ-nin fəaliyyətindən məmnun qaldıqlarının diqqətə çatdırmışlar. Bildirmişlər ki, iki ölkə arasında daha da sıx əlaqələrin qurulmasında gənclər öz töhfəsini verəcəklər. Vurğulamışlar ki, İran gəncləri Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunmasını istəyir və Azərbaycanı dəstəkləyirlər.