DÜNYA
İranda prezident seçkilərinin nəticələri rəsmən təsdiqlənib
Tehran, 1 iyun, AZƏRTAC
İranın Konstitusiyaya Nəzarət Şurası bu ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin təsdiq olunması ilə bağlı Daxili İşlər Nazirliyinə məktubla müraciət edib.
Nazirliyin nümayəndəsi Seyid Salman Samani mətbuata açıqlamasında deyib ki, İranın Konstitusiyaya Nəzarət Şurasına daxil olan məlumatlar və şikayətlər araşdırıldıqdan sonra bu qurum prezident seçkiləri haqqında qanunun 79-cu maddəsinə əsasən, 12-ci prezident seçkilərinin nəticələrini təsdiqləyib. Məktubda göstərilib ki, 2017-ci il mayın 19-da İranda və dünyanın 102 ölkəsində keçirilən seçkilərin yekun nəticələrinə əsasən, prezidentliyə namizəd Həsən Ruhani 23 milyon seçicinin səsini toplayaraq yenidən İran prezidenti seçilib.
Ümumiyyətlə, seçicilər bu seçkilərdə yüksək fəallıq nümayiş etdiriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran