İQTİSADİYYAT
İranın ETKA təşkilatı Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 26 fevral, AZƏRTAC
İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin ETKA təşkilatı Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ETKA ölkəmizdəki şirkətlərin nümayəndələrini İrana dəvət edə biləcəklərini, həmçinin ölkəmizə səfər etməyə hazır olduqlarını, eyni zamanda, Azərbaycan şirkətləri ilə Ukrayna və Rusiya bazarlarında da birgə fəaliyyət göstərə biləcəklərini bəyan edib.
Qeyd edək ki, ETKA şirkətlər qrupu İran silahlı qüvvələri şəxsi heyətinin sosial təminatının yaxşılaşdırılması məqsədilə yaradılıb. 60 illik təcrübəyə malik olan ETKA hazırda İranın qabaqcıl holdinqlərindən biridir. Yeyinti və sənaye məhsullarının istehsalı, tədarükü və ixracı, kənd təsərrüfatı və heyvandarlıq, mağazalar zənciri və distribüterlər şəbəkəsi, tikinti, turizm və sığorta sahələrində fəaliyyət göstərir. ETKA kapitalın idarə edilməsi, maliyyə və iqtisadi biznes sahəsində avanqard model kimi tanınır və İranın ən iri 50 müəssisəsi arasındadır. İran bazarında 500-ə yaxın mağaza və geniş distribüterlik şəbəkəsinə malik olan şirkətlər qrupu, həmçinin məhsullarının və xidmətlərinin təqdim olunması məqsədilə Yaxın Şərq regionu üçün İraqda, MDB regionu üçün isə Tacikistanda mərkəz açıb.
ETKA kənd təsərrüfatı sahəsində 11 aqrosənaye kompleksinə, 6 ixtisaslaşdırılmış şirkətə və 2 araşdırma mərkəzinə, 400 min hektar əkin sahəsinə və fermer təsərrüfatına, İranın şimalında 135 min hektar meşə sahəsinə sahibdir. İranda istehlak olunan bitki yağlarının 6 faizi, zeytun yağının 31 faizi, şəkərin 10 faizi (illik 150 min ton) bu müəssisə tərəfindən istehsal olunur. Eyni zamanda, ETKA məişət əşyalarının istehsalında da nailiyyət qazanıb.