DÜNYA
İranın Sistan-Bəlucistan vilayətində 2 tondan çox narkotik maddə müsadirə olunub
Tehran, 3 oktyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətində 2 ton 203 kiloqram narkotik maddə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə bölgənin Təhlükəsizlik Qüvvələrinin komandanı general Məhəmməd Qənbəri mətbuata açıqlama verib.
General bildirib ki, alınan operativ məlumat əsasında xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Əməliyyat zamanı Pakistan və Əfqanıstandan İran sərhədini keçən avtomobillərdə, eləcə də bölgədəki Nikşəhər şərində bəzi evlərdə axtarışlar aparılıb. Nəticədə 2 ton 203 kiloqram narkotik maddə müsadirə olunub. Əməliyyat zamanı narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan 4 nəfər həbs edilib. Araşdırma aparılır.
General bildirib ki, son illər narkotik maddələrin qaçaqmalçılığı artıb. İranın təhlükəsizlik qüvvələri ölkədən tranzit kimi istifadə edib narkotik maddələrin Avropaya daşınmasının qarşısını cidd-cəhdlə alırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran