İQTİSADİYYAT
İŞ YERLƏRİNİN YARADILMASI YOXSULLUĞUN AZALDILMASININ AÇARIDIR
MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT DAİMİ KOMİSSİYASININ SƏDRİ BU QƏNAƏTDƏDİR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu, ölkədə yoxsulluğun azaldılmasına da xeyli kömək edəcəkdir. Çünki iş yerlərinin yaradılması yoxsulluğun azaldılmasının açarıdır. Digər tərəfdən, əməkqabiliyyətlilər üçün iş yerləri açmaqla regionlardan Bakıya axının da qarşısını almış olarıq. Biz elə bir iqtisadi şərait yaratmalıyıq ki, Bakıdan regionlara axın başlasın. Prezidentin imzaladığı Dövlət Proqramında İş yerlərinin açılmasında dayanmış müəssisələrin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Lakin mən bir məsələni qeyd etmək istərdim. Bu, rayonlardakı mövcud istehsal müəssisələri ilə bağlıdır. Mən onların bir çoxunda olmuşam, texnoloji proseslərlə maraqlanmışam. Həmin proseslər müasir tələblərə cavab vermir, bazar iqtisadiyyatı şəraitində rəqabətqabiliyyətli deyildir. Götürək şirə zavodlarını. Onların bir çoxu öz gücünün müəyyən hissəsini işləyir. Amma necə. Mövcud avadanlıq çox köhnə olduğu üçün, məsələn,10 kiloqram meyvədən 1litr şirə alınır. Halbuki başqa ölkələrin müvafiq müəssisələrində tətbiq olunan yeni texnologiya sayəsində təxminən 8 dəfə artıq məhsul götürülür. Bizə müasir texnologiya ilə işləyən yeni istehsal sahələri lazımdır. Dövlət yeni istehsal sahələri yaratmaq, mövcud istehsal müəssisələrini müasir tələblərə uyğun bərpa etmək istəyənlərə dayaq olmağa, yardım göstərməyə çalışır. Bu sahədə proqramda qeyd olunan “sərmayədarların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək” vəzifəsi böyük ümid doğurur.