SİYASƏT
İŞDƏ YOL VERDİYİ QÜSURLARA GÖRƏ QUSAR RAYON PROKURORLUĞUNUN BÖYÜK MÜSTƏNTİQİ PROKURORLUQ ORQANLARINDAN XARİC EDİLMİŞDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Prokurorluq orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına yol verən və vəzifələrindən sui-istifadə edən prokurorluq əməkdaşlarına qarşı ən qəti tədbirlərin görülməsi təmin edilir.
Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir ki, Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Prokurorluq üzrə 2009-cu il 25 noyabr tarixli əmrlə rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilmişdir.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ələmşah Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirmiş və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurmuşdur.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.