REGİONLAR
İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəviyə həsr olunan onlayn təbdir keçirilib
İsmayıllı, 1 may, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan onlayn təbdir keçirilib.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə, regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, Qobustan şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Əməkdar müəllim Sədaqət Məmmədova çıxış ediblər.
Çıxışlarda Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tərzini zənginləşdirən böyük sənətkar Nizami Gəncəvinin yaradıcılığından danışılıb, əsərlərinin ümumbəşəri səciyyə daşıdığı, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığında ilham mənbəyi olduğu, yeniyetmə və gənc nəslin təlim-tərbiyəsində əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Çıxışlarda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə xüsusi qayğı və diqqət yetirdiyi, bu gün də bu qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. Dahi sənətkarın anadan olmasının 880 illiyinin tamam olduğu 2021-ci ilin Prezidentin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilməsi məhz bu qayğı və diqqətin parlaq təcəssümüdür.
Onlayn tədbirin bədii hissəsində tanınmış incəsənət xadimlərinin və Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında dahi şairin əsərlərinə bəstələnən musiqi nömrələri səsləndirilib.