REGİONLAR
İsmayıllıda inkubator cücə sexi fəaliyyətə başlayıb
İsmayıllı, 27 aprel, AZƏRTAC
Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində İsmayıllının Sumağallı kəndində inkubator cücə sexinin tikintisi başa çatıb. Layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri, istilik sobası və digər avadanlıqlar qoyulub. İlkin hesablamalara görə, burada mövsüm ərzində 50-55 min cücə istehsalı mümkün olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 27-də inkubator sexinin açılışı olub. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Mahmud Süleymanov, rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həsən Həsənov, “AzKİL-2”nin direktor müavini Gülbəniz Qənbərova, icra nümayəndəsi Vidadi Xəlilov, Sumağallı bələdiyyəsinin sədri Ata Rəsulov, kənd ağsaqqalları çıxış edərək layihənin əhəmiyyətindən danışıb, təşkilatçılara və icraçılara təşəkkürlərini bildiriblər.
Sonda inkubator sexinə birgə baxış keçirilib, yeni çıxan cücələrin satışı təşkil olunub.