REGİONLAR
İsmayıllıda payızlıq əkin başa çatıb
İsmayıllı, 25 dekabr, AZƏRTAC
İsmayıllı rayonunun taxılçıları payızlıq əkin kampaniyasını başa çatdırıblar və gələn ilin məhsulu üçün 30 min 165 hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mühüm strateji məhsul olan taxılçılığın inkişafı istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, əkin sahələri genişləndirilir, yerli şərait üçün daha əlverişli məhsuldar toxumlardan istifadə olunur. Təsadüfi deyil ki, bu payızda əkin sahələri ötən illə müqayisədə 722 hektar artıb. Bu il hər hektardan orta məhsuldarlıq 32,5 sentner olub ki, bu da 2018-ci ildəkindən çoxdur. Bir sıra təsərrüfatlarda, xüsusilə daha çox taxıl əkilən Qubaxəlilli, Quşencə, Hacıhətəmli ərazi dairələrində, Nikitin adına kolxozda məhsuldarlıq 40 sentnerdən çox olub. Bu təsərrüfatlarda payızlıq əkin kampaniyası da müvəffəqiyyətlə başa çatıb. 2020-ci ilin məhsulu üçün Qubaxəlilli taxılçıları 4150 hektarda, Nikitin adına kolxozda 3725 hektarda, Hacıhətəmlidə 1640 hektarda Quşencədə 1550 hektarda səpin aparılıb.
Rayonun təsərrüfatlarında sahələrə səpinlə birlikdə 2000 tona yaxın gübrə verilib.
Erkən səpin aparılan bütün ərazilərdə normal çıxış alınıb. Bu ərazilər əkin sahələrinin 85 faizindən çoxdur. Hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. İndiyədək 15 min hektardan çox sahədə siçanabənzər gəmiricilərə qarşı dərmanlama tədbirləri görülüb.