İQTİSADİYYAT
İsmayıllının torpaq mülkiyyətçiləri kartof əkini kampaniyasına tam hazırdırlar
İsmayıllı, 10 fevral (AZƏRTAC). Bu il İsmayıllıda azı 760 hektar sahədə kartof əkiləcəyi gözlənilir.
Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə kifayət qədər şum çıxarılmış, 1600 ton keyfiyyətli toxum tədarük olunmuşdur. Hazırda sahələrə üzvi gübrə verilir.
Rayonda kartof istehsalı intensiv olaraq artır. Ötən il əkin sahələrindən 6364 ton məhsul götürülmüşdür ki, bu da inişilki göstəricidən 122 ton çoxdur. Torpaq mülkiyyətçiləri son illər yüksək məhsuldar sortlara üstünlük verirlər. Builki əkin üçün nəinki yerli “Ağçiçək”, “Sevinc”, “Əmiri”, habelə xaricdən gətirilmiş “Kandora”, “Lorx”, “Nevski” və sair sortlardan olan kartof toxumları da tədarük edilmişdir. Rayona Tovuzdakı “Tovuz-Baltiya” şirkətindən də xeyli kartof toxumu gətirilmişdir.
Fevralın axırlarından etibarən əkin kampaniyasına start veriləcəkdir. İlkin olaraq rayonun cənub ərazilərində, o cümlədən kartofçuluqla daha çox məşğul olan Kürdmaşı, Mollaisaqlı, Aşıqbayramlı, Topçu, Talıstan, Təzəkənd və bir sıra digər ərazi vahidlərində kartof əkiləcəkdir. Sakinlər yaxın günlərdə start veriləcək əkin kampaniyasının vaxtında və keyfiyyətlə aparılması üçün bütün qüvvələrini səfərbərliyə almışlar.