DÜNYA
İspaniya Misirin və Türkiyənin hesabına bu ölkəyə rekord sayda əcnəbi turist gələcəyinə ümid edir
Bakı, 11 iyul (AZƏRTAC). “La Vanguardia” nəşri İspaniya Turizm Agentlikləri Konfederasiyasının (CEAV) prezidenti Rafael Qalyeqoya istinadla xəbər verir ki, etiraz nümayişlərinin bürüdüyü Misirdən və Türkiyədən turistlərin geriyə axını sayəsində İspaniyaya turizm axını və Krallığın xəzinəsinin gəlirləri arta bilər.
2012-ci ildə İspaniyaya 57,7 milyon əcnəbi turist gəlmişdir. Bu, 2011-ci ilin müvafiq göstəricisi isə müqayisədə 2,7 faiz çoxdur. Cari ilin ilk beş ayı ərzində İspaniya 19,8 milyon əcnəbi qonaq qəbul etmişdir. Bu rəqəm 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Həmin dövr ərzində əcnəbi turistlərin Krallıqda xərclədiyi vəsaitlərin məbləği 18,4 milyon avrodan çox olmuşdur.
Qalyeqo demişdir: “2013-cü ilin ilk altı ayı ərzində yerli və əcnəbi turistlərin sayı və bu sahə ilə bağlı gəlirlərin həcmi İspaniyada turizm tarixində ən uğurlu illərdən biri olmuş 2012-ci ilin müvafiq dövrünə aid göstəricilərlə müqayisədə 4-5 faiz artmışdır”.
Onun sözlərinə görə, əgər İspaniyada vəziyyət sabit qalarsa, qəbul edilmiş turistlərin sayı və bu sahənin gəliri 2012-ci ilin müvafiq göstəricisindən çox olacaqdır (keçən il bu sahənin gəliri 43,3 milyon avroya çatmışdı).
CEAV prezidentinin fikrincə, keçən mövsümdə Yunanıstanda olduğu kimi, bu mövsümdə Misirdə və Türkiyədə sosial və siyasi vəziyyətdən qorxuya düşmüş turistlər İspaniyaya gələcək və bu hesaba həmin göstəricilər artacaqdır.
İspaniyanın Sənaye, Energetika və Turizm Nazirliyinin məlumatları da bu proqnozu təsdiqləyir. Nazirliyin məlumatına görə, 2013-cü ilin oktyabr ayına qədər otellərin əvvəlcədən bronlanması göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artmışdır.