DÜNYA
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
Bakı, 3 may, AZƏRTAC
ABŞ universitetlərində son üç həftə ərzində keçirilən Fələstinə dəstək aksiyalarının gedişində 2 mindən çox insan həbs edilib.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, aprelin 17-dən bəri ABŞ polisi İsrailin Qəzza sektorunda apardığı əməliyyatlara etiraz edən 2 min 100 nəfəri saxlayıb. Eyni zamanda, Sent-Luis şəhərindəki Vaşinqton Universiteti, Texas Universiteti, həmçinin Bostondakı Emerson-College və Şimal-Şərq Universitetləri də daxil olmaqla, səkkiz ali təhsil müəssisəsinin tələbə şəhərciklərində 100-ə yaxın insan saxlanılıb.
Həbslər dalğası aprelin 18-də Kolumbiya Universiteti rəhbərliyinin Fələstin tərəfdarlarını universitetdən uzaqlaşdırmaq üçün polisə müraciət etməsindən sonra başlayıb. Bu addım ölkə daxilində yeni etiraz aksiyalarına səbəb olub.
ABŞ-ın bir çox ali təhsil müəssisəsində İsrailin Qəzza sektorunda apardığı əməliyyatlara və Vaşinqtonun Təl-Əvivə dəstəyinə qarşı tələbə etirazları davam edir.