DÜNYA
İsrail ilə Fələstin arasında birbaşa danışıqlar bərpa olunmuşdur
Bakı, 15 aprel (AZƏRTAC). İsrail və Fələstin çoxillik münaqişənin tənzimlənməsinə dair birbaşa danışıqları hər iki tərəfin açıq qarşıdurma xarakteri daşıyan addımlarından sonra bərpa etmişlər.
“The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Martin İndikin təşəbbüsü və vasitəçiliyi ilə Yerusəlimdə danışıqların əsas iştirakçıları - Tsipi Livni və Saib Arikat arasında görüş olmuşdur.
Gecə vaxtı keçirilmiş görüşün konkret nəticələri barədə məlumat verilmir. Bu haqda razılaşma hələ keçən il iyul ayının axırlarında 9 aylıq danışıqlar marafonu başlanmazdan əvvəl əldə edilmişdi.
İsrail və ərəb KİV-ləri bildirirlər ki, İsrailin və Fələstinin son hərəkətləri sülh prosesində tam durğunluğa, bəlkə də geriləməyə dəlalət edir.
Məsələn, keçən həftənin sonunda İsrail hökuməti fələstinli məhbusların 26 nəfərlik sonuncu qrupunu həbsdən azad etməkdən vaz keçmiş və Şərqi Yerusəlimdə yəhudilər üçün yeni məskənlər tikilməsi planlarını təsdiqləmişdir.
Buna cavab olaraq, Fələstin lideri Mahmud Abbas Fələstin Dövlətinin 15 beynəlxalq konvensiya və pakta, o cümlədən BMT-nin yurisdiksiyasına aid aktlara qoşulması haqqında sənədləri imzalamış və beləliklə, Fələstinin müstəqil dövlət kimi birtərəfli qaydada BMT-yə daxil olmaq haqqında hədə-qorxusunu qismən gerçəkləşdirmişdir.
Mahmud Abbasın son hərəkətləri İsraildə kəskin neqativ reaksiyaya səbəb olmuşdur.
Bununla bərabər, Kerri sülh prosesinin perspektivləri barədə nikbin bəyanatlar verməkdə davam edir. Müşahidəçilərin fikrincə. Yerusəlimdə gecə vaxtı keçirilmiş görüş də onun sözlərini təsdiq etməli idi.