İQTİSADİYYAT
İsrail səfiri: Azərbaycanın energetika sahəsində təcrübəsi İsrail üçün çox vacibdir
Bakı, 24 yanvar (AZƏRTAC). Neft-qaz sahəsində Azərbaycanla İsrail arasında əməkdaşlıq, karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və nəql edilməsi sahəsində ARDNŞ-in qabaqcıl təcrübəsi ilə tanışlıq İsrailin neft-qaz sahəsinin uğurlu inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC Yəhudi Xəbərlər Agentliyinə (YXA) istinadla xəbər verir ki, bu fikri İsrailin Azərbaycandakı səfiri Rafi Arpaz söyləmişdir.
Səfir qeyd etmişdir ki, Aralıq dənizinin İsrailə aid şelfində kəşf olunmuş Tamar, Dalit və Leviafan yataqlarında külli miqdarda təbii qaz ehtiyatı vardır. Bu yataqlar Levanti çöküntü hövzəsi coğrafi zonasına aiddir. Mütəxəssislərin fikrincə, həmin hövzədəki təbii qaz yataqlarının ümumi ehtiyatları üç trilyon kubmetrə bərabərdir.
Diplomat demişdir: “Bu yataqların mənimsənilməsi baxımından Azərbaycanın energetika sahəsində təcrübəsi İsrail üçün çox vacibdir”.
Onun sözlərinə görə, İsrail həmin yataqların sübut edilmiş qaz ehtiyatlarının 40 faizə qədərini ixrac etməyi planlaşdırır, lakin İsrail şirkətlərinin şelfdə karbohidrogenlər hasilatı sahəsində təcrübəsi hələ azdır. Səfir Rafi Arpaz demişdir: “Dünyada ilk dəfə Xəzər dənizində neft və qaz yataqlarının mənimsənilməsinə başlamış Azərbaycan isə bu sahədə xeyli təcrübə toplamışdır və biz həmin təcrübəni öyrənmək istərdik”.
İsrailin Bakıdakı diplomatik missiyasında YXA-ya bildirmişlər ki, təsisçilərindən biri ARDNŞ olan Caspian Driling şirkəti artıq İsraildə işə başlamışdır.
İsrailin ölkəmizdəki diplomatik missiyasında demişlər: “Biz belə hesab edirik ki, İsrail ilə Azərbaycanın əməkdaşlığında yeni sahə olan neft-qaz sahəsi ölkələrimiz və xalqlarımız üçün qarşılıqlı faydalı olacaqdır.
Materialın tam mətni ilə aşağıdakı saytda tanış ola bilərsiniz: http://aen.ru/?page=brief&article_id=69642.