SİYASƏT
İsrailin müdafiə naziri Azərbaycana gələcəkdir
Bakı, 4 aprel (AZƏRTAC). İsrailin müdafiə naziri Ehud Barak mayın əvvəlində Azərbaycana gələcəkdir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə mayın 6-dan 8-dək Azərbaycanda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etməkdir.
Forumda Ehud Barakın çıxışı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, “Fundacion de Pas”, Gəncə şəhər İcra Hakimiyyəti və digər qurumlar da dəstək göstərirlər.
Birinci Cənubi Qafqaz Forumunda Ülyahəzrət Kraliça Nur, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, UNESCO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və xanım Vaira Vike-Freyberqa, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümumiyyətlə 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri iştirak edəcəklər.
Forum “Çatman Evi” beynəlxalq qanunları çərçivəsində keçiriləcəkdir.