DÜNYA
İstanbulda Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqlar keçirilmişdir
İstanbul, 3 dekabr (AZƏRTAC). İstanbuldakı “Dolmabaxça” sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar olmuşdur.
Türkiyədə rəsmi səfərdə olan Rusiyanın dövlət başçısı ilə Türkiyə hökumətinin rəhbəri arasında 3 saatdan artıq davam edən görüşdən sonra tərəflər mətbuat konfransı keçirmişlər.
Mətbuat konfransında liderlər qeyd etmişlər ki, ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda ticarət dövriyyəsi 30 milyard dollar təşkil edir. Səfər zamanı imzalanmış 11 sənəd də bu əlaqələrin güclənməsinə xidmət edəcəkdir. Xüsusilə Türkiyədəki rus, Rusiyadakı türk əsgərlərinin məzarlarının abadlaşdırılması sahəsində imzalanmış anlaşma əxlaqi və humanist dəyər kəsb edir. Türkiyənin inşaat şirkətləri 2014-cü ilin Soçi Qış Olimpiadası və 2018-ci ilin futbol üzrə dünya çempionatının infrastrukturunun tikintisində fəal iştirak edirlər. Enerji sektorunda əməkdaşlıq da iki ölkənin maraqlarına uyğun olaraq inkişaf edir. Təbii qaz və atom enerjisi sahəsində yeni layihələr həyata keçirilir.
V.Putin və R.T.Ərdoğan Yaxın Şərq, Suriya və Fələstin məsələləri ətrafında da geniş müzakirələr apardıqlarını bildirmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul