İQTİSADİYYAT
İstehlaka yararsız mallar satışdan çıxarılmışdır
Bakı, 13 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nərimanov rayonunda “İstanbul market”də, Müzəffər Həsənova, “Karona Ltd” MMC-yə məxsus mağazalarda, Nəsimi rayonunda “Xəzər market”də, Tahirə Rzayevaya, “Cəsarət” şirkətinə, Əliyəddin Mirzəyevə, Bərdə rayonunda Aqil Qələndərova, Şəmsi Yusifliyə, Samux rayonunda Məlakə Tağıyevaya, Şəmkir şəhərində Misrayil Məmmədova məxsus mağazalarda ümumi çəkisi 160 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.