MƏDƏNİYYƏT
İstiqlal Muzeyində “Zəfər uşaqların gözü ilə” adlı ədəbi-bədii tədbir təşkil edilib
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ikinci ildönümü ilə əlaqədar Zəfər həftəsi çərçivəsində “Zəfər uşaqların gözü ilə” adlı ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən iki il ötdüyü bildirilib.
Vurğulanıb ki, illər keçsə belə xalqımızın birliyi, ordumuzun rəşadəti, ölkə başçısının qətiyyəti nəticəsində əldə olunan bu qələbə heç vaxt unudulmayacaq və tarix yazan şəhidlərimizin xatirəsi daima qəlblərdə yaşayacaq.
Tədbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Məktəb teatrı” və “Musiqisevərlər” dərnəyinin üzvləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs və vokal kollektivinin istedadlı şagirdləri musiqi nömrələrindən, şeir və rəqs kompozisiyalarından ibarət bədii hissə ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları “EDUGrata” Təhsil Mərkəzinin rəsm kursunun şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan bir-birindən fərqli 15 rəsm əsərində gələcəyin bacarıqlı rəssamlarının Zəfər sevinci öz təzahürünü tapıb.
Rəsm əsərlərinin müəllifləri təşəkkürnamə ilə təltif olunublar.