SİYASƏT
İsveç Beynəlxalq Münasibətlər İnstitutu İsveç Azərbaycanlılar Konqresinin nümayəndələrinə beynəlxalq seminarda iştirak etmək üçün dəvətnamələr göndərmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). İsveç Beynəlxalq Münasibətlər İnstitutu İsveç Azərbaycanlılar Konqresinin nümayəndələrinə “Şərq tərəfdaşlığı – sammit ərəfəsində ehtimallar” mövzusunda beynəlxalq seminarda iştirak etmək üçün dəvətnamələr göndərmişdir.
AZƏRTAC konqresin məlumatına istinadla xəbər verir ki, bu seminarda noyabrın 28-29-da Vilnüsdə keçirilməsi planlaşdırılan III “Şərq tərəfdaşlığı” sammiti ilə bağlı müzakirələr aparılacaqdır.
Noyabrın 15-də Stokholumda keçiriləcək tədbirin təşkilatçıları İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Məsələləri bölməsinin rəhbəri Martin Xarqstrem, İsveç radiosunun jurnalisti Yuxanna Melen, Hərbi Münaqişələr İnstitutunun (SİPRİ) direktoru Neil Melvin, seminarın aparıcısı isə İsveç Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Lena Consondur.
Seminarın proqramına Avropa İttifaqının Şərq qonşuları: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və digər dövlətlərlə daha sıx əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.