DÜNYA
İTAR-TASS agentliyinin ABŞ-dakı fəaliyyətinin 90 illiyinin bayram edilməsi “Hifz etdiyimiz Rusiya” tarixi sənədlər sərgisindən başlanmışdır
Moskva, 9 mart (AZƏRTAC). Nyu-Yorkun kütləvi kitabxanasında İTAR-TASS agentliyinin ABŞ-dakı fəaliyyətinin 90 illiyinə həsr olunmuş “Hifz etdiyimiz Rusiya... XIX-XXI əsrlərdə xaricdə rus mətbuatının tarixi” adlı tarixi sənədlər sərgisinin açılışı olmuşdur.
İTAR-TASS xəbər verir ki, ekspozisiyanın açılış mərasimində agentliyin baş direktoru Sergey Mixaylov, Assoşieyted Press Agentliyinin prezidenti Heri Pryuitt, İTAR-TASS-ın kollegiya sədri və Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko, RF-nin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin iştirak etmişlər.
Sergey Mixaylov demişdir: “90 il əvvəl ölkələrimiz arasında hətta diplomatik münasibətlərin olmadığı və Amerikada heç bir başqa sovet müxbirinin çalışmadığı bir vaxtda ölkəmiz üçün ABŞ-dakı həyat haqqında informasiyanın başlıca mənbəyi yalnız Rusiya Teleqraf Agentliyinin (ROSTA) materialları olmuşdur. Bu İkinci dünya müharibəsində gələcək müttəfiqlər arasında bir növ əlaqələndirici vəsilə idi”.
S.Mixaylov bildirmişdir ki, sərgiyə gələnlər xaricdə rus jurnalistikasının tarixi ilə kifayət qədər ətraflı tanış olacaq, Rusiya və sovet qəzetlərinin baş məqalələrinə, fotoşəkil və kitablara baxacaqlar.
AP Agentliyinin prezidenti H.Pryuitt əlavə etmişdir ki, “agentliklərimizin çoxillik əməkdaşlığı bir növ ölkələrimiz və xalqlarımız arasında əlaqələndirici körpüdür”.
İTAR-TASS agentliyinin kollegiya sədri Vitali İqnatenko demişdir: “Biz yalnız zahirən 90 yaşlıyıq, əslində isə gənc və güclü agentliyik. Bütün bu illər ərzində ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətdə inkişaf etməsinə baxmayaraq, TASS və AP agentliklərinin jurnalistləri peşəkarlıq və mənəviyyat baxımından həmişə yaxın olmuş və öz vəzifələrini vicdanla yerinə yetirmişlər. Bununla əlaqədar olaraq, 90 il əvvəl agentliyimizin ABŞ-da ayağa qalxmasına kömək etmiş amerikalı jurnalistlərə minnətdarlığımı bildirmək istəyirəm”.
V.Çurkin isə demişdir: “Bir vaxtlar dillər əzbəri olmuş “TASS bəyan etməyə müvəkkil olunmuşdur” sözləri bütün dünyanı radioqəbuledicilərin ətrafına toplayırdı. Əminəm ki, qlobal əhatə dairəsi olan, yüksək peşəkarlığı ilə seçilən informasiya agentliyinin fəaliyyətinə yeni texnologiyalar dövründə də böyük tələbat olacaqdır.”
İTAR-TASS-ın yubileyinə həsr olunmuş sərgidə Rusiya Dövlət Fondunun kitabxanasından nadir eksponatlar - xaricdə rus mətbuatının tarixindən 160 əşya təqdim olunmuşdur. Sərgiyə gələnlər rus yazıçısı, filosofu və publisisti Aleksandr Gertsenin “Kolokol” jurnalının ilk nəşrləri ilə tanış ola bilərlər. Sərgidə xarici ölkələrdə çıxan müxtəlif istiqamətli rusdilli qəzet və jurnallar da təqdim edilmişdir.
Sərginin açılışından sonra Assoşieyted Press Agentliyinin Nyu-Yorkdakı ofisində İTAR-TASS və AP rəhbərlərinin görüşü olmuşdur. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov həmkarı Heri Pryuitti Rusiya informasiya agentliyinin yaranmasının 110 illiyi münasibətilə 2014-cü ildə keçiriləcək bayram şənliklərinə dəvət etmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva