ELM VƏ TƏHSİL
İYUNUN 20-DƏ MAGİSTRATURAYA QƏBUL İMTAHANININ İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLƏCƏKDİR
Bakı, 18 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcəkdir.
İmtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar bu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etmişlər.
Proqram seçimində mayın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) iştirak etmişlər.
Bu hüquqa malik olan bakalavrdan 6613 nəfəri qəbul proqramını seçərək təsdiqləmişdir.
Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 9, Naxçıvan şəhərində 1 binada keçiriləcəkdir. İmtahana 410 nəzarətçi-müəllim nəzarət edəcəkdir.
İmtahan saat 11:00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaqdır.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaqdır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcəkdir.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparacaqlar.
Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.
Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcəkdir.
İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (ixtisaslaşma seçimi cədvəli “Magistr” jurnalında dərc olunmuşdur).