ELM VƏ TƏHSİL
İYUNUN 20-DƏ RUS BÖLMƏSİNİN ABİTURİYENTLƏRİ “AZƏRBAYCAN DİLİ” FƏNNİ ÜZRƏ İMTAHAN VERƏCƏKLƏR
Bakı, 18 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir.
TQDK-dan bildirmişlər ki, imtahanda 2819 abituriyentin iştirakı gözlənilir. İmtahan saat 11:00-da başlanacaqdır.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap etməlidirlər.
“Azərbaycan dili” fənni üzrə birinci imtahan bu il mayın 23-də keçirilmişdir. Həmin imtahanda 10 min 828 abituriyent iştirak etmiş, onlardan 9 min 324-ü imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti almışdır. Qəbul qaydalarına əsasən, həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 20-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilir.
İmtahan 45 dəqiqə müddətində aparılacaq və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim ediləcəkdir. Hər düzgün cavab bir balla qiymətləndiriləcəkdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir.
Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər müvafiq qəbul imtahanlarına buraxılacaqlar.