Jitomirdə “Xoca” filmi nümayiş etdirilib
Kiyev, 2 mart, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının regional nümayəndəliyinin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Jitomirdə İ.Franko adına kinoteatrda “Xoca” bədii filmi göstərilib.
Xatırladırıq ki, Azərbaycan rejissoru, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 2012-ci ildə “Bakıfilm” kinostudiyasında çəkdiyi bu film Xocalı soyqırımına həsr olunub.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin sifarişi ilə film Ukrayna dilinə dublyaj edilib. Bundan əvvəl film paytaxtın və Ukraynanın digər şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.
Diasporumuz Jitomirdə “Xoca” filminin nümayişinə Donetsk və Luqansk vilayətlərindən olan və hazırda Korostışevdəki “Teterev” sanatoriyasında yaşayan müvəqqəti köçkünləri dəvət edib.
Filmin nümayişindən əvvəl UABD-nin Jitomir vulayət nümayəndəliyinin sədri Rac Qasımov və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının vitse-prezidenti İskəndər Zamanov tamaşaçılara müraciət edərək onlara müharibə, qan və zorakılığın olmadığı bir dünya arzulayıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev