MƏDƏNİYYƏT
Jurnalistlər arasında “Heydər Əliyev və türk dünyası” mövzusunda yazı müsabiqəsi elan edilmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Zərdabi Mətbuat Mərkəzi “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusundakı layihə çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və türk dünyası” mövzusunda yazı müsabiqəsi elan etmişdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, müsabiqəyə təqdim olunan yazılar üçün bu istiqamətlər müəyyənləşdirilmişdir: türk dünyasının tarixi keçmişi; türkdilli xalqların inteqrasiyası məsələləri; türkdilli xalqların qloballaşan dünyada yeri və rolu; türkdilli xalqların ədəbiyyatı və mədəniyyəti; türk dünyasının görkəmli şəxsiyyətləri.
Yazılarda materialların mövzunu əhatə etmə səviyyəsinə, elmi faktlardan istifadə xüsusiyyətlərinə, ifadə vasitələrinin zənginliyi və publisistik duyuma üstünlük veriləcəkdir.
Müsabiqənin nəticələrinə görə birinci, ikinci və üçüncü yerləri tutanlar qalib elan ediləcək və mükafatlandırılacaqlar. Bundan əlavə, iştirakçılar üçün həvəsləndirici mükafatlar da nəzərdə tutulur.
Yazı müsabiqəsində birinci yeri tutanlar 800 manat, ikinci yerin sahibləri 500 manat, üçüncü nəticə göstərənlər isə 300 manat mükafat alacaqlar. Eyni zamanda, nəzərdə tutulan üç həvəsləndirici mükafata layiq görülənlərin hər birinə 100 manat ödəniləcəkdir.
Müsabiqənin şərtlərinə aşağıdakılar daxildir:
Müsabiqəyə 2013-cü ilin fevral ayının 1-dən aprel ayının 15-dək olan müddətdə KİV-lərdə gedən yazılar buraxılacaq;
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar həcm baxımından 5 (beş) A4 formatlı kağız vərəqindən çox olmamalıdır;
Materiallar 3 nüsxədə yazılı, həmçinin elektron formada (diskdə) şəxsən təqdim edilməlidir.
Yazıda “Yazı Zərdabi Mətbuat Mərkəzinin “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi yer almalıdır.
Yazılar hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcəkdir. Əlaqə telefonu: (012) 441 35 96, (050) 534 93 26.